Многофункциональное мобильное приложение Yelo

Все новости

Новости

Babək Mahmudlu - #YeloHobbi müsahibə

Bank sahəsində peşəkar, səmada isə azad ruhlu biri — tanış olun, Babək Mahmudlu. Yelo Bank-ın Kiçik və Orta Biznes Müştəriləri Departamentində Satış şöbəsinin baş mütəxəssisi olan Babək, işdən kənarda yamac paraşütü ilə peşəkar şəkildə məşğul olur. Onunla etdiyimiz müsahibədə risk, balans və azadlıq anlayışlarının həm səmada, həm də gündəlik iş həyatında necə bir-birini tamamladığını kəşf etdik.

 

Yamac paraşütü ilə ilk tanışlığın necə oldu? Bu hobbidə səni nə cəlb etdi?

Yamac paraşütü ilə ilk tanışlığım Qubada, Qırızdəhnə kəndinə kampa gedərkən oldu. Orada uçan pilotları gördüm və maraqla izlədim. Elə həmin gün ilk dəfə tandem uçuş etdim. O uçuş mənim üçün dönüş nöqtəsi oldu — qərar verdim ki, mən də mütləq pilot olacağam. Səmada yaşadığım azadlıq və həyəcan hissi məni bu idmana bağladı və o gündən bəri həyatımın ayrılmaz hissəsinə çevrildi.


Bu idman növü sənə hansı şəxsi keyfiyyətləri qazandırıb və bu keyfiyyətlər iş həyatına necə təsir edir?

Yamac paraşütü mənə ən çox səbr, soyuqqanlılıq və qərarvermə bacarığı qazandırıb. Hər uçuşda hava şərtlərini, riskləri analiz etmək lazımdır və bu, bank sektorunda riskləri qiymətləndirmə işimə birbaşa təsir edir. Səmada bir saniyəlik səhv baha başa gələ bilər, eynilə iş həyatında da düzgün qərar vaxtında verilməlidir.

 

Bank sahəsində riskləri analiz etmək işinin bir hissəsidir. Bəs səmada risklərlə necə davranırsan?

Səmada risklərə qarşı yanaşmam çox sistemlidir. Hər uçuşdan əvvəl hava proqnozunu, külək istiqamətini, termik şəraitini təhlil edirəm. Təhlükəli şərtlərdə uçuşu təxirə salmaq da bir qərardır və bəzən ən doğru addım olur. Mənim üçün təhlükəsizlik həmişə birinci yerdədir.

 

Səncə, insan özünü daha çox harada tanıyır — səmada tək qalanda, yoxsa çətin qərar verəndə?

Məncə, hər ikisi insanı tanıdır, amma səmada tək qalmaq daha fərqli bir introspeksiya yaradır. Uçuş zamanı həm öz bacarıqlarına, həm də instinktlərinə güvənirsən. Hər saniyə qərar verirsən, amma bunu sükut və azadlıq içində edirsən.

 

Ən sevdiyin uçuş marşrutu hansıdır və niyə məhz ora? Orada səni nə cəlb edir?

Ən sevdiyim uçuş marşrutu Türkiyənin Fethiye bölgəsində yerləşən Babadağdır. Xüsusilə gün batımı zamanı oradan uçmaq tamamilə fərqli bir hissdir. Bir dəfə orada “Termik uçuşu” etmişdim və dənizin, günəşin, dağların yaratdığı o mənzərə yaddaşıma həkk olundu. Orada həm hava axınları stabil olur, həm də mənzərə hər dəfə yeni bir rəng palitrası ilə qarşına çıxır.

 

Ən yadda qalan uçuş təcrübən hansı olub? Hər hansı ekstremal an yaşamısan?

Ekstremal halı sonuncu dəfə Şahdağ uçuşumda yaşadım. Ani olaraq yüksəkliyim sürətlə azaldı və planlaşdırılmış eniş nöqtəsinə çata bilmədim. Təhlükəsizliyi nəzərə alaraq təpəyə eniş etmək məcburiyyətində qaldım. Bu hadisə bir daha göstərdi ki, yamac paraşütündə hər an dəyişən şəraitə hazır olmaq lazımdır.

 

Yeni başlayanlara bu idman növü ilə bağlı hansı tövsiyələri verərdin?

Yeni başlayanlara ən vacib tövsiyəm — mütləq SIV (Simulation d’Incident en Vol) təlimlərində iştirak etsinlər. Bu təlimlər uçuş zamanı yarana biləcək fövqəladə hallara qarşı necə davranmalı olduqlarını praktiki şəkildə öyrədir. Həmçinin, tələsməmək, ilk illərdə təcrübəli təlimçilərlə uçmaq və təhlükəsizlik qaydalarına ciddi riayət etmək çox vacibdir