Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Emil Duşdurov: “Yelo Bank” 2021-ci ildə kredit portfelini 40%-dən çox artırmağı planlaşdırır - MÜSAHİBƏ

Keçən il ölkəmiz, xüsusilə də bank sektoru üçün asan olmayıb və bir sıra banklar ili göstəricilərində azalma ilə başa vurublar. Belə banklardan biri də Yelo Bankdır. Lakin, yeni ilin başlaması və karantin məhdudiyyətlərinin yumşalması ilə iqtisadi fəallıq da artmağa başlayıb. Bankın 2021-ci il üçün planları və proqnozları barədə İdarə Heyəti sədrinin müavini və maliyyə direktoru Emil Duşdurov jurnalistlərə müsahibə verib.

- Emil bəy, 2020-ci ili necə dəyərləndirə bilərsiniz?

- 2020-ci illə bağlı hisslərim qarışıqdır. Bir tərəfdən, pandemiya və karantin məhdudiyyətləri biznesin inkişafı ilə bağlı planlarımıza mənfi təsir göstərdi. Digər tərəfdən, 2020-ci il bütün Azərbaycan xalqı üçün xüsusi il oldu, Vətən müharibəsində qazandığımız qələbə bizi birləşdirdi və tarixi ədaləti bərpa etdi. Şəxsən mənim üçün ikinci hadisə pandemiya dövrünün bütün mənfi təsirlərini və ağırlığını tamamilə aradan qaldırdı.

Biznesə gəldikdə isə, 2020-ci ilin yanvar-fevral aylarında bank portfelin gəlirliliyi və artımı üzrə bütün proqnoz göstəricilərini tamamilə yerinə yetirirdi. Biz ili yaxşı mənfəətlə bağlamağı planlaşdırsaq da, pandemiya öz düzəlişlərini etdi. Bununla belə, biznes fəallığı və verilən kreditlərin həcminin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, bank kredit portfelinin həcmini saxlamağa müvəffəq oldu.

- 2020-ci ilin yekunları üzrə bankın zərəri yaranıb. Buna səbəb nə olub?

Bunun iki səbəbi var. Birincisi, pandemiya ilə əlaqədar gəlirlər azalsa da, bununla belə, əməliyyat xərclərində azalma olmamışdı. Bildiyiniz kimi, əməliyyat xərclərinin böyük hissəsi işçi heyətinə çəkilən xərclərin payına düşür. Biz əməkdaşlarımızın sayını azaltmadıq və bu xərcləri optimallaşdırmadıq, əksinə, onlara münasibətdə sosial məsuliyyətli mövqe tutduq.

İkinci səbəb isə ondan ibarətdir ki, yaradılmış zəruri ehtiyatlar vaxtı keçmiş borcların (karantin tədbirlərinin gücləndirilməsindən irəli gələn) qaytarılmasını üstələyib. Əlavə etmək istəyirəm ki, yaratdığımız ehtiyatların gələcəkdə geri qayıtması bankın maliyyə nəticələrinə müsbət təsir göstərəcək.

- Bank üçün yeni il necə başlayıb və ümumilikdə 2021-ci üçün hansı planlar var? İlin sonuna maliyyə göstəriciləri üzrə müəyyən hədəfləriniz varmı?

- Yaxşı sualdır. Əgər planlar haqda danışsaq, 2021-ci il üçün çox iddialı planlarımız var. Hesab edirik ki, pandemiya bitəcək və bu, pandemiya dövründə təxirə salınmış tələbi yenidən aktivləşdirəcək. Biz kredit portfelimizin 40%-dən çox artacağını planlaşdırır, eyni zamanda, kiçik və orta biznesin kreditləşmə həcminin 25%-dən çox, mikrokredit portfelinin isə 110%-dən çox artacağını gözləyirik. 2020-ci illə müqayisədə verilən kreditlərin həcmində iki dəfə artımın olmasını gözləyirik. Biz, həmçinin portfelin keyfiyyəti üzərində də çox fəal işləyirik və əminik ki, problemli aktivlərlə səmərəli iş sayəsində biznesimizin risk əmsalı əhəmiyyətli dərəcədə azalacaq. Mən indi bu rəqəmləri açıqlaya bilmərəm, ancaq problemli kreditlərin qaytarılması ilə bağlı gözləntilərimiz 2019-2020-ci illərin göstəricilərini dəfələrlə üstələyir.

Həmçinin qeyd etmək istərdim ki, bank 2021-ci ili mənfəətlə başa vurmağı planlaşdırır və biz xərclərin gəlirlərə nisbətinin effektiv strukturu üzərində işləməyə davam edəcəyik.

- Siz qeyd etdiniz ki, bank 2021-ci ili mənfəətlə başa vurmağı planlaşdırır və bankın ötən ay üzrə paylaşdığı məlumata əsasən, siz ilə yaxşı göstəricilərlə başlamısınız. Buna nəyin hesabına nail ola bilmisiniz?

2021-ci ilin yanvar ayının yekunlarına görə biz mənfəət üzrə proqnozlarımızı qabaqlayırıq. Yanvar ayını 2,1 milyon manat xalis mənfəətlə yekunlaşdırdıq. Komandamız problemli aktivlərin qaytarılması istiqamətində çox səmərəli işləyir. Yəni, əvvəlki illərdə yaratdığımız ehtiyatlar geri qayıtmağa başlayır. Eyni zamanda, əməliyyat xərcləri müəyyən qədər optimallaşdırılıb və biz bu istiqamətdə işləri davam etdirəcəyik. Həmçinin kredit portfelinin artımını da qeyd etmək istəyirəm. 2021-ci ilin yanvar ayı ərzində 3,2% təşkil edən bu artım KOB və mikro kreditlər hesabına mümkün olub.

- Sizin sözlərinizə görə, bank biznesin kreditləşməsi sahəsində fəal işləməyə hazırdır. Bəs istehlak kreditləşməsi ilə bağlı vəziyyət necə olacaq?

İstehlak kreditləşməsi bizim biznesin istiqamətlərindən biridir. Biz, istehlak kreditləri də verməyə davam edəcəyik, lakin eyni zamanda, portfelimizin strukturuna çox ciddi nəzarət edəcəyik. Gələcəkdə kredit portfelimizin təqribən 60%-ni kiçik və orta biznes kreditləri və mikro kreditlər təşkil edəcək.

- Rəqəmsal xidmətlər mövzusu barədə daha ətraflı danışmaq istərdim. Bank bu istiqaməti daha fəal şəkildə inkişaf etdirməyi planlaşdırırmı?

2020-ci ildə mobil əlavə və korporativ müştərilər üçün internet bankçılıq xidmətini uğurla istifadəyə vermişik. Bu məhsullara müştərilərimiz arasında böyük tələbat var, çünki insanlar növbələrdə gözləyərək kağız və blankların doldurulmasına vaxt sərf etmək istəmirlər. Biz müştərilərin rəqəmsal məhsullarımızdan istifadə təcrübəsini fəal şəkildə öyrənir və daim onların təkmilləşdirilməsi üzərində işləyirik.

- Bank cari ildə müştəriləri üçün hər hansı yeni məhsullar tətbiq etməyi planlaşdırırmı?

Bəli, biz çox maraqlı məhsullar hazırlayırıq, onların bir hissəsi tamamilə rəqəmsal olacaq. Onlar hazırlanma mərhələsində olduğundan indi bu barədə çox danışa bilmərəm. Biz, həmçinin mobil əlavəyə bağlı məhsullar istifadəyə verməyi planlaşdırırıq - müştərilərimiz artıq banka gəlmədən öz sorğularını cəmi bir neçə kliklə rəsmiləşdirə biləcək. Bütün bunlar onlayn qaydada baş verəcək. Dünya bu istiqamətdə hərəkət edir, müasir bankın fəaliyyəti və onun təqdim etdiyi xidmətlər onlayn rejimə köçürülür. Biz də öz növbəmizdə, müasir trendlərlə ayaqlaşmaq və müştərilərimizin gözləntilərini qabaqlamaq üçün ən yaxşısını etməyə çalışacağıq.