Yelo-dan çoxfunksiyalı mobil əlavə

9.5 FAİZLƏ KREDİT ALMAQ ÜÇÜN TƏLƏS!

Xəbərlər siyahısı

Xəbərlər

Yelo Summer Challenge – Tamilla Cəfərova

Yay təcrübə proqramımız sayəsində nə qədər parlaq və istedadlı gənclər tanıdıq. Onlardan biri - Tamillanın isə xüsusi hekayəsi var. Tamilla ADNSU-nun Biznesin İdarəolunması fakültəsinin 3-cü kurs tələbəsidir. O, təcrübə proqramına qatılmaq üçün qarşısındakı maneələri dəf etdi və iştirakçı olmağı bacardı. Təcrübə müddətində qazandığı biliklər və xatirələri barədə daha ətraflı özündən eşidək!

- Tamilla, bildiyimiz qədəri ilə bizim təcrübə proqramımıza qatılmaq sənin üçün heç də asan olmamışdı…

Bəli, Summer Challenge proqramı elan edildiyi vaxt mən artıq başqa bankda təcrübə keçməkdə idim. Amma qətiyyətlə Yelo Bank-a can atırdım. Qeydiyyatdan keçdim və müsahibəyə dəvət olundum. Müsahibəm uğurlu keçsə də, başqa bankda təcrübəçi olduğum üçün Yelo Bank-a da gəlməyim etik olmazdı. Qərara gəldim ki, hazırki təcrübəmi dayandırıb, yenidən müraciət edim. Digər Summer Challenge iştirakçılarından fərqli olaraq Yelo Bank-a təcrübəçi kimi daha gec qatıldım, lakin istəyimə nail oldum. Mənə görə həyatda asan heç bir şey yoxdur. Asan yolla əldə etdiyim heç nə mənə zövq vermir. Bu, mənim həyat fəlsəfəmdir. Çətinliklə əldə olunan iş insan üçün daha dəyərli olur və yüksək qiymətləndirilir. Eyni ilə Yelo Bank-da qazandığım təcrübələr kimi.

- Maraqlıdır, həyatda da həmişə belə mübariz və çətinliklər qarşısında təslim olmayansan, yoxsa bu, ilk idi?

Bəlkə də inandırıcı səslənməz, amma uşaqlıqdan bu xüsusiyyət məndə var. Çətinlik gördüyüm hər bir iş məni cəlb edir və həmin işi uğurla qazanana qədər mübarizə aparıram. Əminliklə deyə bilərəm ki, hər zaman uğurlu nəticələr əldə etmişəm.

- Təcrübə keçdiyin Müştəri Xidmətləri sahəsində iş prosesi zamanı nələr xüsusilə diqqətini çəkdi?

Bank sektorunda uğurlu olmaq üçün ön ofisdən başlamaq lazımdır. Ona görə mən məhz müştəri xidmətləri sahəsi və əməliyyat şöbəsində təcrübə keçməyə qərar verdim. Bununla da Yelo Bankı bir daha kəşf etmiş oldum. Əməkdaşların yüksək səviyyədə xidməti, müştərilərin razılığı və ən əsası, Bankın təqdim etdiyi sərfəli və güzəştli məhsullar buranın əsas xüsusiyyətləridir. İnanıram ki, iş prosesi zamanı əldə etdiyim bilik və bacarıqlar gələcək işlərimə töhfə verəcək. Bunun üçün Yelo Bank tərəfindən yaradılan bu fürsəti yüksək qiymətləndirirəm.

- Təcrübə müddəti zamanı ən yaddaqalan xatirələrin nələr idi?

Təcrübə proqramının ilk günü mənim üçün xüsusi keçdi. Filialın əməkdaşlarından, xüsusilə filialın aparıcı mütəxəssisi Amina xanımdan böyük dəstək gördüm. Sonradan Amina xanımın yeni vəzifəsinə görə baş ofisə keçməsi çox sevindirici hal olsa da, bizlərdən ayrıldığı üçün təəssüflənirdim. Yeni mühit, yeni tanışlıqlar, Yelo Bank-ın bu sahədə yaratdığı təcrübə imkanı bütünlüklə mənim üçün yaddaqalan xatirəyə dönüşdü.

- Gələcək Summer Challenge iştirakçılarımıza nələri tövsiyə edərdin?

Hə zaman özgüvənli olmalarını, hədəfləri naminə sona qədər mübarizə aparmalarını, ilk maneədən qorxmamalarını tövsiyə edərdim. Bu maneələr insanı daha da gücləndirir. Təşkil olunan təcrübə proqramları hansı sahədə uğurlu olacağımızı müəyyən edir. Bunun üçün Yelo Bank-ın yaratdığı bu fürsəti lazımi qədər dəyərləndirməyi məsləhət görərdim.

- Bəs özünün karyera gələcəyinlə bağlı planların nələrdir?

Mən deyərdim ki, mənim gələcəklə bağlı möhtəşəm planlarım var. Öncə bakalavr təhsilimi uğurla başa vurmaq və xaricdə magistr dərəcəsinə yiyələnmək prioritet planlarım siyahısındadır. Bu müddət ərzində həm bank, həm də qeyri-bank sektorlarında özümü sınamaq istəyirəm. Özünə uyğun sahəni axtarmağa elə tələbə ikən başlamaq lazımdır. Təhsil aldığı ixtisas tələbənin məhz o sahədə uğurlu olacağı anlamına gəlmir. Yelo Bank-ın qazandırdığı təcrübə bank sektorunda uğurlu olacağımı bir daha mənə sübut etdi.

Yelo-dan çoxfunksiyalı mobil əlavə