Yelo-dan çoxfunksiyalı mobil əlavə

9.5 FAİZLƏ KREDİT ALMAQ ÜÇÜN TƏLƏS!

Xəbərlər siyahısı

Xəbərlər

Elnaz İnanlu - #YeloHobbi müsahibə

Elnaz, bizə zəhmət olmasa, bir atçı kimi hekayənin necə başladığından qısaca bəhs et.

İdmana marağım ailədən gəlir. Anam özü də professional idmançıdır, o həm atçılıqla məşğul olub, həm də taekvando idman növü üzrə qara kəmər sahibidir. Mən isə uşaqlıqdan heyvanlardan qorxmuşam. Atlar böyüklüyünə görə mənə daha vahiməli gəlirdi. Bu fobiyamdan qurtulmaq, qorxularımı dəf etmək üçün anamla atçılıq məşqlərinə getdim. Cəmi 2-3 dərsdən sonra anladım ki, atları artıq sevməyə başlayıram. Onların sayəsində qorxularımı dəf etdim, başqa heyvanlara yaxınlaşa, sığallaya bildim. Artıq iki ilə yaxındır ki, atçılıqla məşğulam. İlk fürsətdə lokal yarışlara qatılacağam, məqsədim beynəlxalq yarışlarda da ölkəmizi təmsil etməkdir. 

İnsanlarla ünsiyyət qurmaq, onlarla həmsöhbət olmaq sənin gündəlik işindir. Bəs atlarla ünsiyyət qurmaq çətin deyil ki?

Tanımadığın insanlarla işləmək daha asandır, nəinki atlarla. Hər iki halda adaptasiya dövrü keçməlisən: insanı tanımalısan, atları isə başa düşməlisən, atlar da səni qəbul etməlidir. Adaptasiya dövrü bitdikdən sonra isə tam tərsinə olur. Atlar səni ən kiçik hərəkətdə başa düşür, birlikdə vaxt keçirmək çox xoş olur.

Səncə yarışlarda qalibiyyət üçün güclü atçı vacibdir, yoxsa güclü at?

Əslində hər ikisinin qalibiyyət payı 50/50-dir. Lakin güclü atçı zəif atla çox çalışıb, onu çempion etməyə qadirdir. Çünki bütün atlar əmrlərə eyni şəkildə tabe olmur. At sənin komandalarını anlamalı, düzgün riayət etdikdə mükafatlandırılmalıdır. Atçılıq səbrdən ibarətdir. Atçı təmkinli və strateji olmalıdır. 

Məşqlər zamanı yıxılma təhlükəsi səni qorxutmur ki?

Maneənin hündürlüyü və sürət artdıqca yıxılma təhlükəsi daha da çoxalır. Bütün riskləri nəzərə alsam da, təhlükələri düşünməməyə çalışıram. Əslində gözləntiləri yüksək deyil, olduğu kimi tutmaq lazımdır. Ani bir hazırlıqsız hərəkət atı çaşdıra bilər. At səni yox, sən atı finişə aparırsan. Ona güvənməlisən, atlar hər şeyi hiss edir.

Bizə atın barədə danışa bilərsən?

Sevə-sevə! Atımın adı Mərmərdir. Dilbaz (həmçinin, Dəliboz, Qazax atı) cinsidir. 8 yaşı var. Əvvəllər hər gün onunla məşq edirdim, indi yay fəsli ilə əlaqədar həftədə 5-6 gün görüşürük. Onu görməyəndə çox darıxıram. Bu yaxınlarda xəstələnmişdi, özümə yer tapa bilmirdim. Çox şükür ki, indi hər şey qaydasındadır. 

Atçılıq sənə nələri öyrətdi?

İlk növbədə qeyd edim ki, atçılıqda indiki səviyyəmə asan çatmamışam. Atçılıqda rəqabət güclüdür, bu güclü idmançıların yanında isə öyrənmək çox çətin idi. Buna görə məşqlərə sübh tezdən gedirdim ki, çətinlik çəkdiyimi heç kim görməsin. Yüyənlərdən həmişə əlim yara olurdu. Lakin bu əziyyət məni özünə bağlayırdı və atçılığı ürəkdən öyrənmək istəyirdim. Bununla da mən təslim olmamağı və həvəsdən düşməməyi öyrəndim, bu, atçılıqdan ilk aldığım dərs idi. Atçılıqdan sonra daha dissiplinli oldum, özümə inamım artdı. Hətta bu keyfiyyətlər sayəsində ilk karyerama Yelo Bank-da başladım.

İdman karyeranda gələcək hədəflərin nələrdir?

Adətən istənilən idmançı məşqçi olmağı hədəfləyir. Lakin mən məşqçi olmaq istəməzdim, səbəb isə ürəyiyumşaq olmağımdır. Mənim hədəfim uğurlu atçı olmaqdır. Azərbaycanın ən yaxşı 10 atçısı sırasına adımı yazdırmaq istəyirəm, hətta ən yaxşı qadın atçı olaraq. Dekabr ayına ölkəxaricində daha professional məşqlər götürmüşəm. Mən işi ya yarıda buraxıram, ya da çox mükəmməl edirəm. Atçılıqdan imtina etmək fikrim yoxdur, ən yaxşılar sırasına adımı yazdıqmaq üçün çox çalışacağam. Rubrikanın adından fərqli olaraq atçılıq mənim hobbim deyil, həyatımda daha ciddi rolu var. Harda olsam da, atçılıq həmişə mənimlə qalacaq. 
 

Yelo-dan çoxfunksiyalı mobil əlavə