Bankımız 2021-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqladı. Əsas maliyyə göstəricilərimiz ötən rübdə olduğu kimi bu rüb də artım nümayiş etdirib. Belə ki, ilin əvvəlindən xalis mənfəətimiz 11.4 milyon manata çatıb. Eyni zamanda Bankın aktivləri də 105 milyon manat artaraq 495.7 milyon manat təşkil edib.
Ümumi kredit portfeli il ərzində təxminən 100 milyon manat artaraq 408.1 milyon manata çatıb. Bank öz missiyasına sadiq qalaraq biznes kreditləşməsini genişləndirməyə davam edib. Belə ki, bu dövr ərzində 180 milyon manata yaxın biznes krediti verilib. Hazırda kredit portfelinin 56%-i real sektorun payına düşür. Qeyd etmək lazımdır ki, kredit portfeli iri korporativ müştərilər deyil, əsasən mikro, kiçik və orta sahibkarların kreditləşməsi hesabına artıb.
Bununla yanaşı, hesabat dövründə 13 mindən çox müştəriyə 96 milyon manat istehlak krediti verilib. Nəticədə istehlak kredit portfelinin həcmi də 32% artaraq 111.2 milyon manata yüksəlib.
İlin əvvəlindən 6 mindən çox müştəri 180 milyon manatdan çox vəsaitini Yelo Banka etibar edib. Beləliklə, bankın depozit portfeli 32% artaraq 309.5 milyon manata çatıb. Cəlb olunan depozitlərin arasında yeni müştərilərin də sayı sürətlə artır. Bu isə Bankın mövcud müştərilərini qoruyub saxlamaqla bərabər, yeniləri üçün həm xidmət keyfiyyəti, həm də şərtlər baxımından cəlbedici olduğunu göstərir.
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 32.9 milyon manat təşkil edib. Hazırda Bankın məcmu kapitalı 64.3 mln manatdır, bu göstərici requlyativ tələbdən 14.3 mln manat çoxdur.