Multifunctional Mobile App by Yelo

News feed

News

#YeloHobby - Əlaga Mustafayev

Rubrikamızda Yelo komandasının parlaq istedadlarını tanıtmağa davam edirik. Bu dəfəki müsahibimiz Keyfiyyət Təminatı və Proqram Tətbiqlərinə Dəstək şöbəsinin əməkdaşı Əlağa Mustafayevdir. O iki ildən çoxdur ki, Baş ofisimizdə çalışır. Bura onun üçün həm də yarış meydanıdır. Əvvəlcə Məlumat Mərkəzində işə başlayıb, keyfiyyətlərinə görə indiki şöbəsinə keçid edib. Bununla bərabər Yelo sayəsində çox sevdiyi idman fəaliyyətinə yenidən qayıdıb. Gəlin onun hekayəsini ətraflı oxuyaq.

-    Əlağa, bizə məlumdur ki, məktəbli vaxtlarında stolüstü tennislə aktiv məşğul olmusan. Sonra isə böyük fasilə yarandı və fəaliyyətini davam etdirməyə bu yaxınlarda başlamısan. Bu uzun fasilənin səbəbi nədir?

-    Tennislə aktiv şəkildə məktəb vaxtlarında məşğul olurdum. Sonra universitetə hazırlığa görə təəssüf ki, vaxt ayıra bilmədim. Daha sonra bakalavr, magistr imtahanları deyə-deyə tennisə başlamağa fürsət olmadı. Tennis fəaliyyətimə qayıtmağıma səbəbkar Yelo Bank oldu desəm, yeridir. İki il əvvəl burada işləməyə başlayanda xüsusi tennis otağının olduğunu öyrəndim. Hətta özümün belə tennis oynamağım yadımdan çıxmışdı. İlk başda zəif oynayırdım, lakin bədən yaddaşına görə getdikcə əvvəlki formama qayıtmağı bacardım.

-    Nə üçün stolüstü tennis? Məktəb vaxtı yaşıdlarının böyük marağı futbola ikən, səni tennisdə nə cəlb etdi?

-    Düzünü desəm, stolüstü tennislə yanaşı, eyni zamanda futbol və digər idman növləri ilə də məşğul olurdum. Bu fəaliyyətlərim içərisində vaxtımı ən çox stolüstü tennisə ayırırdım. Əvvəl bu, sadəcə bir həvəs idi, vaxt keçdikcə bu həvəs böyük marağa çevrildi. Özümü stolüstü tennis oynayarkən daha yaxşı hiss edirdim, yarış mühiti daha çox ürəyimcə idi. Futbolda sadəcə qaçırsan, lakin tennis oynayarkən bədənin bütün əzələləri hərəkətdə olur və sən futboldakından daha çox yorulursan.

-    Yəqin ki, işdə nahar fasiləsi zamanı səni tennis oynayan yerdə tutmaq olar. Rəqibin ən çox kim olur?

-    Yelo Bankda əvvəlcə Məlumat Mərkəzində çalışırdım. Burda nahar fasiləsi isə növbəli olur. Buna görə əməkdaşlarla oynaya bilmək üçün naharımı həmişə saat 13:00-a keçirirdim. Beləcə hər gün naharda tennis oynamaq mənim üçün artıq bir ənənədir. Əməkdaşlar içərisində ən böyük rəqibim isə Babək Əliyevdir.

-    Səni məğlub etmək çətindir? Sonuncu dəfə hansı əməkdaşımıza məğlub olmusan?

-    Mənim tennisdə mənfi cəhətim qarşımdakını ilk başda zəif dəyərləndirməyimdir. Yəni onu rəqib kimi görmürəm, nəticədə oyun zamanı qarşı tərəf məndən həqiqətən zəif olsa belə, məni məğlub edir. Hətta Babəklə bir dəfə bir yarışda iştirak edirdik, finala qədər yüksəldim, finaldakı rəqibimlə gücümüz bərabər olsa da, o, qalib oldu. Sonuncu dəfə isə elə Babəkə məğlub olmuşam.

-    Komanda şəklində yarışmaq maraqlıdır, yoxsa fərdi mübarizə aparmağa üstünlük verirsən?

-    Təbii ki, fərdi şəkildə. Komanda şəklində mübarizə mənə bir qədər çətin gəlir. Səbəbi odur ki, komanda yoldaşını yaxşı başa düşməli, onunla eyni dalğada olmalısan. Fərdi oyunda isə yalnız özünün bacarıqlarına hakimsən, yarışmaq və rəqibə fokuslanmaq daha rahat olur. 

-    Stolüstü tennis fəaliyyətini gələcəkdə daha yüksək yerlərə daşımağı planlaşdırırsan?

-    Nailiyyətlər barədə indidən bir söz deyə bilmərəm. Qatıldığım yarışlarda klubun ən yaşlı üzvlərini görürəm. Əminəm ki, mən də onların yaşına çatanda stolüstü tennis oynamağa hələ də davam edəcəm.