Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

Elshan Hajji - #YeloTeam interview

Onun gözü daim zirvələrdədir - təkcə karyera yolunda deyil, həm də bir alpinist kimi. #YeloTeam-in daha bir parlaq siması Elşən ilə tanış olun. Elşən dünyada ən təhlükəli fəaliyyətlərdən biri hesab olunan alpinizmlə həvəskar şəkildə məşğul olur. Yeni müsahibəmizdə həmsöhbətimizlə alpinizmin bir çox məqamlarına aydınlıq gətirməyə çalışdıq.


- Niyə alpinizm? Niyə məhz dağlar?

Siz bu sualı istənilən alpinistə ünvanlasanız onların çox sadə cavabı olacaq - çünki dağlar var  Bu idman, istirahət, səyahət olmaqla yanaşı, həm də insani keyfiyyətləri önə çıxaran bir həyat tərzidir. Bəli, məhz həyat tərzi. Burada iradə, cəsarət, dözümlülük və düzgün qərar verə bilmək bacarıqları sınaqdan keçirilir. Dağlar sizə hədəflərinizə çatmağı öyrədir. Dağın ətəyində dayanıb onun zirvəsinə baxanda adama elə gəlir ki, zirvəyə qalxmaq mümkün deyil, lakin maraq və əzm məqsədi reallaşdırır. Addım-addım insan maneələri aşır, yüksəklikləri fəth edir. Zirvələrə qalxmaq insanı yeni bacarıqlara ilhamlandırır, özgüvəni yüksəldir və komfort zonadan uzaqda özünü kəşf etdirir.

- Zirvəyə qalxmaq üçün ilk növbədə nələr ləzımdır? 

İlk növbədə istək. İstək mütləq məqsədə çevrilməlidir. Əks halda qarşılaşacağın ilk çətinlikdəcə təslim olmaq istəyəcəksən.
Daha sonra ləvazimat və düzgün geyimlər. Dağlarda həmişə 4 mövsümdür. 1 saat intervalında şaxtalı çovğundan qızmar yaya kəçə bilərsən. Əvvəlcədən hazırlıqlı olmaq ciddi fiziki fəsadların qarşısını alır.
Və ən əsası etibarlı yol yoldaşı. Alpinistlər arasında belə bir deyim var: "İnsan dağda tanınır". Bura elə bir yerdir ki, sosial statusundan, cinsindən aslı olmayaraq hər kəs eyni şərtlər altında bir-birinə ləvazimatlarını, qidasını və ən əsası, həyatını etibar edir. Bu baxımdan dağlarda qurulan münasibətlər şəhər və meqapolislərdən kəskin fərqlənir. 
Dağlar insanları sınamaq üçün əla yerdir.

- Fəth edilməz zirvəniz?


Hələ hədəfləmədiklərim. Çünki insan istəklərini hədəfə çevirərsə "edilməz" və "mümkünsüz" anlayışları aradan qalxır.  Zirvə fəthi ilə bağlı polşalı alpinist Vanda Rutkeviçin əla bir frazası var: "Mən dağları fəth etmək fikrində deyiləm - onlar da insanlar qədər dünyanın bir parçasıdır. Mən özümü fəth edirəm".

- Mənzərəni gördüyünüz zaman ağlınıza ilk hansı fikir gəlir?

Təəssüf ki, heç bir foto və video kadrlar mənzərəni sizə alpinitlərin gördüyü kimi göstərə bilmir. Rutin həyatımızda biz elə hey qaçhaqaçdayıq. Daim azadlığa can atır və onun ümumiyyətlə olub-olmadığını öyrənməyə çalışırıq. Azadlıq isə var və o dağlardadır.         

- Bildiyim qədərilə siz həm də cüdo ilə məşğul olmusunuz. Gələcəkdə bununla bağlı hansısa planlar var?

Doğrudur, cüdo ilə yanaşı, idmanın kontakt karate növü ilə uzun müddət məşğul olmuşam. Amma bu fəaliyyət növləri üzrə gələcəkdə hər hansı bir planım yoxdur.

- Bəs bankımızda gördüyünüz hansı işi zirvəniz kimi hesab edirsiniz?

Əslində peşəkar həyatda da hər hansı bir zirvəni əldə etmək istək, məqsəd, hazırlıq və etibarlı yoldaşlar olmadan çox çətindir.  Düşünürəm ki, komandam ilə birlikdə bir hədəfə fokuslanaraq inkşaf etməyimiz ən böyük uğurdur. Bir yerdə işləyə bilmək, bölüşmək, dəstək olmaq - bunlar insanı zirvədən zirvəyə aparır. Əgər bunlar varsa, deməli gördüyün iş sənə, digərlərinə və təmsil etdiyin şirkətə faydalıdır. Məhz bu dəyərlər hesabına biz komandamızla Yelo Bank-da onlayn kreditləşmə sahəsində bir çox uğurlara imza ata bilmişik.

- Sizdən ilhamlanıb, həm iş, həm də hobbi ilə məşğul olmaq istəyən əməkdaşlara nə kimi tövsiyələriniz var?

Düşünürəm ki, hazırda Yelo Bank ölkədə bankçılıq sahəsində çox böyük yeniliklər və möhtəşəm layihələr ilə sözün əsl mənasında diqqəti öz üzərinə çəkə bilib. Bu əlbəttə ki, peşəkar insanlar bir komanda kimi toplaşdığı zaman baş verir. Buna görə də həmkarlarıma daim üzərlərində işləməyi və yalnız inkişafa hədəflənməyi təklif edirəm. 
Hobbidən söz düşmüşkən isə, deyirlər ki: "Əgər dağları sevmirsinizsə, deməli sadəcə orada olmamısınız".  Təkcə alpinizmə marağı olanları yox, ümumiyyətlə hər kəsi aktiv istirahətə vaxt ayırmağa çağırıram. Yeni maraq dairəsi yaratmaq əslində özünü müxtəlif tərəflərdən kəşf etmək deməkdir. Təbiəti sevin və onunla daha çox vaxt keçirin!

Yelobank mobile application