Multifunctional Mobile App by Yelo

News feed

News

Adila Suleymanova - #YeloTeam interview

O həm mantiyasını geyinərək hüquqlarımızı müdafiə etməyi, həm sürətli qaçmaq, üzmək və velosiped sürməyi, həm də rəsm çəkməyi əla bacarır. #YeloTeam-in istedadlı siması Adilə Süleymanova ilə tanış olun.

Adilə Bankımızda hüquqşünas kimi çalışır. 15 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərir. Az qala karyera yaşı qədər idman və incəsənət təcrübəsi də var. Gəlin onun aktiv həyat tərzini daha detallı öyrənək.

 Adilə, fəaliyyətin barədə qısaca təqdimat edə bilərsən?

Əlbəttə! Ali və magistr təhsilimi BDU-nun hüquq fakültəsində almışam. Ali təhsilə başlayar-başlamaz işləməyə can atdım. 15 illik hüquq karyeram ərzində müxtəlif dövlət qurumlarında və bank sektorunda çalışıb, sonda özümü Yelo-da tapmışam. Hazırda hüquq üzrə Doktoranturanı Elmlər Akademiyasında yekunlaşdırmaq üzrəyəm.

Sizcə sürətlə dəyişən dünyamızda hüquq sahəsi necə dəyişəcək və niyə?

Məncə, gələcək illərdə hüququn yeni sahələri formalaşacaq. Bu İT-nin sürətli inkişafı ilə bağlıdır. Bütün sahələrin elektronlaşmasını nəzərə alaraq, günümüzdə informasiya hər şey deməkdir. Buna görə də o xüsusilə qorunur. Beləliklə, gələcəkdə informasiya təhlükəsizliyi üzrə, kriptovalyuta, NFT, Metaverse üzrə hüquqşünas, avtonəqliyyatın hava nəqliyyatına keçməsi nəticəsində hava nəqliyyatı üzrə hüquqşünas və s. yeni dövr sahələri üzrə hüquqşünaslar tələb olunacaq. Fikrimcə, hüquq sahəsi robotizasiyaya məruz qalmayan sahələrdən biri olacaq.

 

Hüquqşünas kimi işiniz çətin, məsuliyyətiniz böyükdür. Hər yeni iş həftəsinə bol enerji ilə start vermək üçün hansı fəaliyyət növləri ilə məşğulsunuz?

Sağlam bədəndə sağlam ruh olar, eləcə də sağlam karyera üçün də bu çox vacibdir. Uşaq yaşlarımda heç bir idman fəaliyyəti ilə məşğul olmamışam, sanki bunun acığını böyüyəndə çıxmışam. Hələ 2010-cu ildə bulvar ərazisində qaçarkən ordakılar mənə qəribə baxırdılar. Qaçmağı həyat tərzinə çevirmişdim. 2016-cı ildə keçirilən “Küləyə qalib gəl” yarımarafonunun iştirakçılarından biri olmuşam. Finiş xəttinə çatanda ordakıların triatlon yarışının bir növü olan Ironman (Dəmir adam), dəmir məsafə kimi anlayışları eşitdim və araşdırdım. Ironman 17 saat ərzində 4 km üzmə, 180 km velosiped, 42 km qaçış sıralamalı dünyanın ən çətin yarış növüdür. Sırf ona qatılmaq üçün 2016-cı ildə üzgüçülüyü öyrəndim və velosiped klublarının üzvü oldum. Bu ilin mart ayında Ironman 70.3 kateqaqoriyalı yarışa qatıldım.

İdmanda fiziki yeniləndiyim kimi, ruhumu da çəkdiyim rəsm əsərləri ilə dincəldirəm. Çəkdiyim rəsmlər tablolardan gündəlik istifadə etdiyim əşyalara inteqrasiya oldu: t-shirt, tibbi maska və s. üzərində də rəsmlər çəkməyə başladım.

Bu qədər dinamik hobbilərin olduğu zaman peşəkar və şəxsi həyat arasında balans yaratmaq çətin olmur ki?

Özüm tərəzi bürcüyəm. Bəlkə də hüquqşünaslığa sevgim bundan qaynaqlanır, ədalət tərəzim tarazdır. Eyni şəkildə iş həyatım və şəxsi həyatım arasında da balans olmalıdır. Əgər birində balans pozulsa, nəticədə heç birində xoşbəxt olmazsan. Özünü nə tamamilə işə həsr eləyib, sərhədləməlisən, nə də ki, şəxsi həyatınla çərçivələnməlisən. Mən işimi sevdiyim kimi, hobbilərimə də aşiqəm və heç birindən imtina etmərəm. Məsələn, işim tələb edir ki, qanunları mükəmməl bilim və qanun çərçivəsində hərəkət edim. Rəsm çəkərkən isə abstraktlığı sevirəm, sanki işimə təzad olaraq burada qanunla sərhədlənmirəm, azad yaradıcılıq sərgiləyirəm. Uğurlarımın sirri də bu balansdadır. Əgər ən sadə və həvəskar yarışlarda belə iştirak edirsinizsə, orada hədəflər yaranır və insan onlara necəsə nail olmağı öyrənməyə başlayır. Peşəkar karyeranızda və həyatda uğur qazanmaq üçün tez-tez komfort zonanızdan kənara çıxmalısınız. Həvəskar belə olsan, məşqə ciddi yanaşdıqda komfort zonanı tərk edirsən. Bu, həm də insan üçün ciddi psixoloji təlimdir.

Yerində durmayan biri kimi səyahət etməyi sevirsən? İndiyədək neçə ölkədə olmusan?

Gəzməyi çox sevirəm, elə səyahəti də buna görə sevirəm, hətta səyahəti planlayarkən gəzəcəyim yerlərin xüsusi marşrutunu qururam. Buna görə səyahət zamanı bir dəqiqə belə yerimdə durmuram, bir günə bir neçə məkan sığışdıra bilirəm. Ona görə bir dəfə getdiyim ölkəyə yenidən gedirəm və kəşf etmədiyim tərəflərinin kəşfinə çıxıram. İndiyədək 10-dan çox ölkədə olmuşam. Ən böyük arzum isə Yaponiyaya səyahətdir.

 

Gələcək planlarından danış: həm karyera-təhsil, həm də digər fəaliyyətində nələri gerçəkləşdirmək arzusundasan?

Bu il akademik təhsilimi yekunlaşdırıb, doktoranturanı bitirməyi planlaşdırıram. Eləcə də yuxarıda bəhs etdiyim Ironman yarışına sentyabrda qatılmaq üçün İtaliyaya yola düşəcəyəm və ümid edirəm ki, Ironman statusunu qazananlardan biri olacam. Həm də bu il ilk sərgimin baş tutmasını istəyirəm. Karyerama gəlincə isə əlbəttə, mən də hər kəs kimi daha da inkişaf etmək üçün çalışıram. Karyeramın növbəti 5 illik hədəfi kimi özümü Chief Legal Officer vəzifəsində görürəm. Bu pilləyə çatmaq üçün isə öz üzərimdə davamlı olaraq işləyirəm.